Naxçıvanda voleybolun inkişafına ümidlərimiz böyükdür

Bu sözləri Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Naxçıvanda voleybol ictimaiyyəti və idmançılarla görüşü zamanı səsləndirib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində muxtar respublikanın bütün şəhər və rayon komandalarının qatıldığı tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən nazir müavini Məcid Seyidov, Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev, yeniyetmə və gənc qızlardan ibarət milli komandamızın baş məşqçisi Şahin Çatma və AVF-nin nümayəndələri iştirak ediblər. Qonaqların müşahidəsi ilə məşqçi və idmançılar komanda halında məşq prosesini icra edib, öz bacarıqlarını nümayiş etdiriblər.

Federasiya prezidenti Şahin  Bağırov çıxış edərək ölkəmizdə köklü idman ənənələri olduğunu və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin ölkə başçısının rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdırıb, bu sahədə qazanılan nailiyyətlərdən bəhs edib. Azərbaycan voleybolunun dünya səviyyəsində tanındığını, rəğbət göstərildiyini deyən federasiya prezidenti əsas məqsədlərinin ölkəmizdə voleybolun davamlı inkişafını təmin etməkdən ibarət olduğunu bildirib. Muxtar respublikada idmanın inkişaf tempini, mövcud şəraiti və əhalinin idmana olan marağını yüksək qiymətləndirən Şahin Bağırov Naxçıvanda voleybolun inkişafına böyük ümidlər bəslədiklərini vurğulayıb. Çıxış zamanı qarşıdakı planların icrasında müvafiq qurumlarla əməkdaşlıq halında işlərin davam etdiriləcəyi, xüsusən, məşqçilərin peşəkarlıq səviyyəsinin artırılması, istedadlı voleybolçu nəslinin formalaşdırılması və digər meyarlar üzrə addımlar atılacağı ictimaiyyətin nəzərinə çatdırılıb.

Sonra kişi voleybolçulardan ibarət Naxçıvan yığma komandasının üzvləri arasında yoldaşlıq görüşü izlənilib. Tədbirdə həmçinin muxtar respublikada voleybolun hazırki vəziyyəti və gələcək potensialları müzakirə olunub. Bir neçə yerli məşqçinin Bakıda təcrübəli mütəxəssislərin rəhbərlik etdiyi kurslara cəlbi və daha sonra Naxçıvanda fəaliyyətini davam etdirərək güclü komandaların hazırlanması prosesində iştirakı məqsədəuyğun hesab olunub.  

 

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti